Aleksey Boqdanov: Azərbaycan Belarusun əsas iqtisadi tərəfdaşlarından biridir

2021.06.10 17:14 (UTC+04:00)

Azərbaycan postsovet məkanında bizim əsas iqtisadi tərəfdaşlarımızdan biridir.

Bu barədə müxbiri ilə söhbətində Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq nazirinin müavini Aleksey Boqdanov bildirib. O deyib: “Belarus Prezidentinin bu yaxınlarda Azərbaycana baş tutan səfəri Azərbaycan bazarına strateji bazar kimi baxmağımızdan xəbər verir. Bizim əlaqələrimiz təkcə xalqlarımız arasında dostluq sayəsində deyil, həm də ticari-iqtisadi münasibətlər sayəsində möhkəmlənir”.

Nazir müavininin sözlərinə görə, Belarus Azərbaycana böyük həcmdə ərzaq məhsulları tədarük edir ki, bu məhsullara da tələbat yüksəkdir. A.Boqdanov deyib: “Bizim ölkədə istehsal olunan kərə yağı, kolbasa məmulatı, ət Azərbaycanda şöhrət qazanıb və biz bu əmtəə həcmini daha da genişləndirmək niyyətindəyik. Hazırda bir çox layihələr, o cümlədən süd-əmtəə komplekslərinin tikintisi, torpağın becərilməsi üçün kənd təsərrüfatı texnikasının, südsağan qurğuların tədarükü müzakirə edilir. Ən mühüm layihələrdən biri baytarlıq sahəsində kadrların hazırlanmasıdır. Belarusdakı baytarlıq institutları bazasında azərbaycanlı mütəxəssislərin təlim alacaqları barədə biz artıq razılaşma əldə etmişik”.