KOBİA-nın dəstəyi ilə mikro və kiçik sahibkarlar sərgidə iştirak edir

2021.06.10 15:51 (UTC+04:00)

İyunun 10-da Bakı Ekspo Mərkəzində öz işinə başlayan 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan 2021” sərgilərində mikro və kiçik sahibkarlar da məhsul və xidmətlərini təqdim edirlər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, qurumun dəstəyi ilə yaradılmış xüsusi stenddə 9 mikro və kiçik sahibkarlıq subyekti tərəfindən müxtəlif bitki çayları, ədviyyat, yağlar, meyvə quruları, çərəzlər, qablaşdırma məhsulları və sair nümayiş olunur. Bakı və Gəncə şəhərlərini, Abşeron, Qəbələ və Zaqatala rayonlarını təmsil edən KOB-lar onlar üçün ayrılmış xüsusi stenddə məhsul və xidmətlərini təqdim etməklə yanaşı, satış imkanlarını genişləndirmək və yeni biznes əlaqələri qurmaq üçün müxtəlif işgüzar görüşlər keçirirlər.

Sərgilər sahibkarların, xüsusilə də mikro və kiçik biznes subyektlərinin satış imkanlarını genişləndirməsi və işgüzar əlaqələrinin inkişafı baxımından əhəmiyyətlidir. KOBİA 2018-ci ildən etibarən startapların, mikro və kiçik sahibkarların məhsul və xidmətlərini ixtisaslaşmış sərgilərdə təqdim etməsinə dəstək göstərir. İndiyədək agentliyin bu dəstəyindən 170-dən çox startap, mikro və kiçik sahibkarlıq subyekti yararlanıb. KOBİA, həmçinin “Caspian Agro 2021” və “InterFood Azerbaijan 2021” sərgilərinə dəstək göstərən qurumlar sırasındadır.

Qeyd edək ki, “Caspian Agro 2021” və “InterFood Azerbaijan 2021” sərgiləri koronavirus pandemiyası ilə əlaqədar yaranmış uzunmüddətli fasilədən sonra ənənəvi formatda keçirilən ilk sərgilərdir. Sərgilərdə 30-dək ölkədən 240-dan çox şirkət iştirak edir.