Son aylar 6400-dən çox şəhid ailəsi üzvü və qazi aktiv məşğulluq proqramlarına cəlb olunub

2021.06.10 13:21 (UTC+04:00)

İşəgötürənlərin şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatında daha fəal iştirakının təşviqi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında yeni kampaniyanın - “Məşğulluq marafonu”nun başladılması ilə əlaqədar mətbuat konfransı keçirilib.

Mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev şəhid ailələrinin üzvləri və qazilərin sosial təminatının gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, möhtəşəm Qələbəmizin qəhrəmanlarının – 44 günlük Vətən müharibəsində şanlı tarix yazan şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin sosial dəstəklə təminatı üçün çevik və genişmiqyaslı tədbirlər həyata keçirilir.

Qeyd olunub ki, postmüharibə dövründə 23 mindən çox şəxsi əhatə edən bu tədbirlər çərçivəsində ən mühüm fəaliyyət istiqamətlərindən biri də şəhid ailəsi üzvləri və qazilərin məşğulluq məsələlərinin həll olunmasıdır. Son aylarda bu kateqoriyalardan olan 6400-dən çox şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub. Onlardan 5 minədək şəxsin özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri yaradılıb.

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək marafonu bu istiqamətdə birgə səylərin gücləndirilməsinə hədəflənib. Məqsəd həmin kateqoriyadan olan vətəndaşların məşğulluq imkanlarının artırılması üçün aparılan işlərdə işəgötürənlərin korporativ sosial məsuliyyət, milli həmrəylik prinsipindən çıxış etməklə daha fəal iştirakına nail olunmasıdır.