Bu ilin 5 ayında pensiyaçılara 1 milyard 958 milyon 600 min manat ödənilib

2021.06.10 15:29 (UTC+04:00)

Pensiya təminatının gücləndirilməsi istiqamətində atılan addımlar bu istiqamət üzrə ödənilən vəsaitlərin də artımı ilə nəticələnir. 2021-ci ilin yanvar-may aylarında pensiyaçılara 1 milyard 958 milyon 600 min manat ödənilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 84,1 milyon manat və ya 4,5 faiz çoxdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, pensiyalarda artım dinamikasının davamı kimi, bu ilin əvvəlindən pensiyaların sığorta hissəsi 11,4 faiz indeksasiya edilərək artırılıb və artım 1,14 milyon pensiyaçını əhatə edib. Həmçinin araşdırmalar nəticəsində 12 min 809 şəxsin pensiya məbləğlərinin qanunvericilikdə nəzərdə tutulandan aşağı məbləğdə hesablandığı müəyyən edilərək həmin şəxslərin pensiyaları artırılıb.

Avtomatlaşdırılmış pensiya təyinatı sisteminin fəaliyyətinin davamı olaraq, son beş ayda 12,6 min şəxsə e-qaydada olmaqla proaktiv şəkildə pensiya təyin edilib.