TRACECA çərçivəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

2021.06.09 14:32 (UTC+04:00)

İqtisadiyyat naziri Mikayıl Cabbarov TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Aset Asavbayevlə görüşüb.

Görüşdə Azərbaycanın nəqliyyat sahəsində əməkdaşlığa böyük diqqət yetirdiyi, ölkəmizin beynəlxalq və regional nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı olduğu diqqətə çatdırılıb.

TRACECA çərçivəsində tərəfdaşlığın əhəmiyyətini vurğulayan iqtisadiyyat naziri üzv ölkələrin nəqliyyat imkanlarının reallaşdırılmasının regionun tranzit-logistika cəlbediciliyini daha da artırdığını, multimodal daşımaların təşviqinə, iqtisadi-ticarət və mədəni əlaqələrin intensivləşməsinə, iqtisadi potensialın gücləndirilməsinə zəmin yaratdığını qeyd edib.

Görüşdə Azərbaycanda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və inkişafı istiqamətində görülmüş işlər barədə məlumat verilib. Bildirilib ki, ölkəmizin mühüm strateji geosiyasi mövqedə, beynəlxalq dəhlizlərin kəsişməsində yerləşməsi, böyük həcmli investisiyaların yatırılması Azərbaycanda irimiqyaslı nəqliyyat-infrastruktur layihələrinin həyata keçirilməsinə imkan yaradıb. Regional nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində görülən tədbirlər, avtomobil və dəmir yolu xətlərinin beynəlxalq standartlar əsasında yenidən qurulması Azərbaycanın tranzit potensialını gücləndirməklə yanaşı, TRACECA-nın rəqabət qabiliyyətinin artırılmasına da töhfə verir.

TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Aset Asavbayev beynəlxalq nəqliyyat dəhlizinin üzv ölkələr arasında daşımaların təşviqində, iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsində rolunu vurğulayaraq, görülən işlərin Avrasiyanın nəqliyyat xəritəsinin əhəmiyyətli hissəsinə çevrildiyini diqqətə çatdırıb.

Görüşdə TRACECA beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, əhatə dairəsinin genişləndirilməsi, rəqəmsallaşmanın tətbiqi ilə daşımaların effektivliyinin yüksəldilməsi məsələləri müzakirə olunub.