İyunun 9-da Bakı Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2021” sərgiləri ilə bağlı mətbuat konfransı keçirilib.
“Caspian Event Organisers” şirkətinin təşkilatçılığı ilə keçirilən sərgilərdə bu il Azərbaycan, ABŞ, Almaniya, Türkiyə, Əfqanıstan, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Çin, Finlandiya, Fransa, Hindistan, İran, İsrail, İspaniya, İtaliya, Litva və Niderland da daxil olmaqla dünyanın 27 ölkəsindən 248 şirkət iştirak edəcək.
Sərgilərdə, həmçinin Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə qida sənayesi və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri öz məhsul və xidmətlərini təqdim edəcəklər.
Sərgilər kənd təsərrüfatı sektorunun əsas iştirakçılarını, peşəkar ziyarətçiləri, o cümlədən idxalçıları, ixracatçıları, distribütorları, topdan və pərakəndə satış şirkətlərini, eləcə də fermerləri bir araya gətirəcək. Bakı Ekspo Mərkəzində keçiriləcək sərgilər iyunun 10-dan 12-dək davam edəcək.