Türkiyə ilə sosial müdafiə sahəsində əməkdaşlıq haqqında saziş müzakirə edilib

2021.06.08 10:19 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə Türkiyə Respublikasının Sosial Təminat Agentliyi nümayəndələri arasında videokonfrans formatında görüş olub.

Fonddan verilən məlumata görə, DSMF İdarə Heyətinin sədri Himalay Məmişov son illərdə Azərbaycanda sosial təminat sistemində aparılan islahatlar, əhaliyə göstərilən elektron xidmətlər, bu sahədə prioritet hədəflər barədə məlumat verib. Türkiyənin Sosial Təminat Agentliyinin rəhbəri İsmail Yılmaz sosial təminat sahəsində təcrübə mübadilələrində maraqlı olduqlarını, əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, eləcə də “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” və onun tətbiq edilməsinə dair Prosedur Müqavilənin icrası məsələləri müzakirə edilib.