Millət vəkili Vüqar Bayramov bildirib ki, turizm mövsümünün başladığını nəzərə alaraq peyvəndləmə prosesini sürətləndirən və virus sayını lokallaşdıra bilən ölkələrlə mərhələli şəkildə analoji yumşalmalara gedilməsi məqsədəuyğundur: “Pandemiyadan əvvəlki ildə Azərbaycana gələn 3 milyon 170 min turistin 29,4 faizi Rusiya, 22,9 faizi Gürcüstan, 10 faizi Türkiyə, 8,1 faizi İran, 3,4 faizi Səudiyyə Ərəbistanı, 2,2 faizi Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları idi. Bu baxımdan, gəlmə turizmdə xüsusi paya malik ölkələrdəki epidemioloji vəziyyətə uyğun olaraq mərhələli şəkildə həmin ölkə vətəndaşlarının da Azərbaycana səfər qaydalarının yumşaldılması ölkəyə daxil olan valyutanın həcminin artırılması baxımdan vacibdir”.
V.Bayramov qeyd edib ki, turizm neftdən sonra ölkəmizə ən çox valyuta gətirən sektordur. 2019-cu ildə Azərbaycanın gəlmə turizm gəlirləri 2,7 milyard dollardan çox olub. Pandemiyadan öncə turizm və əlaqəli sahələrdə 100 minə yaxın vətəndaşımız çalışırdı. Buna görə də turizm sektorundakı açılımlar məşğulluğun təmin edilməsi baxımdan da vacibdir.