Bakı-Tbilisi-Ceyhan kəməri ilə dünya bazarlarına Azərbaycanın 437 milyon tondan çox nefti nəql edilib

2021.06.07 17:39 (UTC+04:00)

Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyə və dünya bazarlarına təkcə Azərbaycanın təxminən 437 milyon tondan çox nefti nəql olunub.

Bu barədə energetika naziri Pərviz Şahbazov deyib.

Qeyd edək ki, cari ilin ilk rübündə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə 6,7 milyon tondan çox (51 milyon barel) xam neft ixrac edilib və həmin neft Ceyhan limanında 70 tankerə yüklənib. Üç ayda BTC üzrə əməliyyat xərclərinə 41 milyon dollardan çox, əsaslı xərclərə isə təqribən 6 milyon dollar sərf olunub.

1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Həmin vaxtdan bu ilin birinci rübünün sonunadək BTC ilə ümumilikdə təqribən 482 milyon ton (təxminən 3,62 milyard barel) xam neft nəql olunub və Ceyhan limanında 4729 tankerə yüklənərək dünya bazarına göndərilib.
Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, boru kəməri vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

“BTC Co.”nun səhmdarları belədir: BP 30,1 faiz, “AzBTC” 25 faiz, MOL 8,9 faiz, “Equinor” 8,71 faiz, “TPAO” 6,53 faiz, “Eni” 5 faiz, “Total” 5 faiz, “Itochu” 3,4 faiz, “Inpex” 2,5 faiz, “ExxonMobil” 2,5 faiz və “ONGC (BTC) Limited” 2,36 faiz.