Bu il TAP-la Avropaya 2,3 milyard kubmetr Azərbaycan təbii qazı göndərilib

2021.06.07 15:43 (UTC+04:00)

Cari ildə TAP ilə Avropaya 2,3 milyard kubmetr təbii qazı ixrac edilib.

Bu barədə energetika naziri Pərviz Şahbazov deyib.

Nazir bildirib ki, 2018-ci ilin iyulundan indiyə kimi TANAP-la Türkiyəyə 10,6 milyard kubmetr təbii qaz nəql olunub. Bu ilin 5 ayı ərzində isə Türkiyəyə nəql olunmuş 4,1 milyard kubmetr qazın 2,2 milyard kubmetri məhz TANAP-ın payına düşüb.

Xatırladaq ki, 2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP boru kəməri 2019-cu il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP boru kəmərinin ikinci fazası isə 2019-cu il noyabrın 30-da istifadəyə verilib.
TANAP-la Türkiyəyə kommersiya qazının nəqlinə başlanmasının birinci ili 2 milyard kubmetr qaz tədarük edilib. Ticari əməliyyatların ikinci ili keçən il iyunun 30-da bitib və həmin tarixə TANAP-la nəql edilən Azərbaycan qazının həcmi 6 milyard kubmetrə çatıb. Sonrakı dövrdə isə boru kəməri ilə ildə 6 milyard kubmetr qaz nəql olunacaq.
İstismara veriləndən bu vaxtadək TANAP-la Türkiyəyə 10 milyard kubmetrdən çox qaz nəql edilib. TANAP-ın tam gücü ilə nəqlə başlayacağı 2022-ci ildən sonra hər il 1,5 milyard dollardan çox nəqletmə gəliri əldə olunacaq. TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi STEAŞ-a, 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.

Azərbaycan təbii qazını Avropaya nəql edən TAP boru kəməri ötən il noyabrın 15-dən istismara verilib. Dekabrın 31-dən isə kommersiya təbii qazının nəqlinə başlanılıb.