Sankt-Peterburq şəhərində keçirilən 24-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB sahəsində əməkdaşlığın genişləndirilməsinə dair bir sıra görüşlər keçirib.
KOBİA-dan bildirilib ki, agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və Rusiya Federasiyasının Ticarət və Sənaye Palatasının vitse-prezidenti Vladimir Padalko arasında keçirilmiş görüşdə Azərbaycan və Rusiya KOB-ları arasında birbaşa əlaqələrin qurulmasına, KOB inkişaf mərkəzlərində Rusiyadan olan mütəxəssislərin iştirakı ilə seminarların və təhsil kurslarının təşkilinə, sahibkarlıq sahəsində milli müsabiqələrin təşkili üzrə təcrübə mübadiləsinə, məlumat və məsləhət xidmətləri üzrə əməkdaşlığa dair müzakirələr aparılıb.
Sankt-Peterburq Qubernatorunun yanında Kiçik Sahibkarlığın İnkişafına dair İctimai Şuranın sədri Yelena Tsereteli ilə görüşdə KOBİA-nın şura ilə əməkdaşlıqda maraqlı olduğu diqqətə çatdırılıb, KOB-lara xidmətlərin göstərilməsi sahəsində təcrübə mübadiləsinə və birgə əməkdaşlığın digər istiqamətlərinə dair müzakirələr edilib.
“Roseksimbank” ASC-nin rəhbəri Azər Talıbovla keçirilmiş görüşdə KOB-ların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi sahəsində əməkdaşlıq perspektivləri, o cümlədən bankın təklif etdiyi maliyyə alətlərinə maraq göstərən Azərbaycan KOB-larının məlumatlandırılması imkanları müzakirə mövzusu olub.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ilə Tatarıstan Respublikasının “Maşınqayırma klasteri”nin rəhbəri Sergey Mayorov və “Sahibkarlıq fabriki” layihəsinin rəhbəri Aydar Bulatov arasındakı görüşdə bizneslərin rəqabət üstünlüyünün reallaşması baxımından klasterlərin tətbiqi, KOB-ların sahəvi ixtisaslaşmasının dərinləşdirilməsi və biznes düşüncə tərzinin təşviqi sahəsində fikir mübadiləsi aparılıb.