Böyük Britaniya hökuməti tərəfindən verilən açıqlamada bildirilir ki, G7 ölkələrinin maliyyə nazirlərinin Londonda keçirilmiş ikigünlük toplantısında transmilli şirkətlərin fəaliyyət göstərdikləri hər ölkədə ən azı 15 faiz səviyyəsində vergiyə cəlb olunmaları barədə prinsipial razılığa gəlinib.
Açıqlamada həmçinin şirkətlərin sərmayə qərarları ilə əlaqədar iqlim dəyişikliyinə təsir barədə hesabatların verilməsinin də məcburi hala gətirildiyi qeyd edilib.
Toplantıya rəhbərlik edən Böyük Britaniyanın maliyyə naziri Rişi Sunak bunu “tarixi razılaşma” adlandıraraq deyib: “G7 ölkələrinin qlobal iqtisadi bərpamızın bu həlledici dönəmində kollektiv liderlik göstərməsindən qürur duyuram”.
ABŞ-ın xəzinədarlıq naziri Canet Yellen isə bu razılaşmanın “biznes üçün oyun meydanında bərabər şərtlər yaratmaqla ölkələri müsbət təməllər üzərindən rəqabət aparmağa təşviq edərək dünya iqtisadiyyatının inkişafına yardımçı olacağını” bildirib.