Hələ tarixi İpək dövründən müxtəlif ölkələri birləşdirən ticarət yollarınn üzərində yerləşən Azərbaycan hazırda özünün iqtisadi, nəqliyyat-logistika potensialı sayəsində 500 milyard dollar həcmində ticarət dövriyyəsi olan Çin ilə Avropa arasında iqtisadi qovşaq rolunu oynayır. Bu amil 2 qlobal iqtisadi güc arasında əlaqələrin inkişafı üçün Azərbaycanın əhəmiyyətini yüksəltməklə yanaşı, Azərbaycanın Çin ilə ikitərəfli iqtisadi əlaqələrinin inkişafına da müsbət təsir edir. Təsadüfü deyil ki, Azərbaycan Çinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır.
Prezident İlham Əliyevin 2015-ci ildə Çinə rəsmi səfəri zamanı dövlət başçılarının müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari əməkdaşlığın genişlənləşdirilməsi ilə bağlı əldə etdiyi razılaşmalar uğurla icra olunur. Bundan başqa, dünyanın ən böyük ixracatçısı və ikinci idxalçı ölkəsi olan Çinin özünün xarici ticari-iqtisadi əlaqələrini daha da dərinləşdirməkdən ötrü irəli sürdüyü "Bir kəmər, bir yol" strategiyası Azərbaycan üçün də yeni əməkdaşlıq imkanları yaradıb. Prezident İlham Əliyev mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə ölkəmizin Çinin yeni təşəbbüsünün əməkdaşlıq, birgə inkişaf üçün yaratdığı imkanları düzgün qiymətləndirən, “Bir kəmər, bir yol”u dəstəkləyən ilk ölkələrdən biri olmaqla yanaşı, özünün coğrafi mövqeyi, iqtisadi, nəqliyyat-logistika imkanları ilə də bu strategiyanın həyata keçməsinə böyük töhfələr verdiyini deyib.
İyunun 2-də Azərbaycan və Çin liderlərinin telefon danışığı zamanı dövlət başçıları ölkələrimizin müxtəlif istiqamətlər üzrə, o cümlədən iqtisadi və nəqliyyat-logistika sahələrində uğurla əməkdaşlıq etdiklərini vurğulayıb, hər iki ölkənin “Bir kəmər, bir yol” layihəsinin inkişafı çərçivəsində fəaliyyətlərin birgə əlaqələndirilməsinin və mövcud imkanlardan faydalanmağın əhəmiyyətinə toxunublar. Həmçinin iki ölkənin nəqliyyat və logistika sahəsində əməkdaşlığı dərinləşdirməsinin, Mərkəzi Asiya və Avropada nəqliyyat dəhlizlərinin yaradılmasını təşviq etməsinin zəruriliyi qeyd olunub. Si Cinpin Azərbaycanı “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşdırılması istiqamətində vacib tərəfdaş adlandırıb.
Ümumiyyətlə, Azərbaycan Çinlə nəqliyyat, enerji, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya və sair sahələrdə uğurlu əməkdaşlıq edir. Bu əməkdaşlıqda ölkəmiz üçün prioritet isə qeyri-neft sektoru üzrə məhsulların Çinə ixracıdır. Bu məqam ümumi ticarət dövriyyəsində özünü göstərir. Belə ki, ötən il dünyanı cənginə alan COVID-19 börhranın iqtisadi fəaliyyətlərə mənfi təsiri fonunda Azərbaycandan Çinə qeyri-neft ixracının çoxalması iki ölkənin iqtisadi potensialından və səmərəli əməkdaşlığından xəbər verir. Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu AZƏRTAC-a müsahibəsində deyib: 2020-ci il iqtisadi baxımdan mürəkkəb bir il olaraq yadda qaldı. Çünki 2019-cu ildə görülən bir çox işlərin bəhrəsini biz 2020-ci ildə gözləyirdik. Etiraf edim ki, ilin əvvəlində Çində COVID-19 pandemiyasının sürətlə yayılması hamı kimi Ticarət Nümayəndəliyini də hazırlıqsız yaxaladı. Nəzərə almaq lazımdır ki, Çində ötən ilin birinci və ikinci rübünün iqtisadi göstəriciləri bəlkə də ölkənin son 30 ildə ən mənfi rəqəmləri olaraq yadda qaldı. Amma üçüncü rübdən başlayaraq iqtisadiyyatın bərpa templəri ciddi şəkildə sürətləndi. Nəticə etibarı ilə 2020-ci ildə Azərbaycanın Çinə qeyri-neft ixracı əvvəlki illə müqayisədə 19 faiz çoxalıb.
Azərbaycanın qeyri-neft məshullarının Çinə ixracı istiqamətində görülən işlərdən danışarkən Çində ticarət və şərab evlərinin fəaliyyətini qeyd etmək lazımdır. Artıq Çində 3 “Azərbaycan ticarət evi”, 3 “Azərbaycan şərab evi”, habelə 4 “Azərbaycan ticarət bölməsi” fəaliyyət göstərir və yeni evlərin açılması istiqamətində işlər aparılır. Bundan başqa, Çinə ixrac missiyalarının və məhsullarımızın Çinin bir neçə marketlər şəbəkəsində satışının təşkili, bu ölkədə iri ticarət sərgilərində Azərbaycan məhsullarının "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunması da vacib məqamlardandır.
Teymur Nadiroğlu mütəmadi olaraq sərgilərdə iştirakın ölkəmizin ixrac strategiyasının bir hissəsi olduğunu hesab edir: Bu, məhsullarımızın Çin bazarında təşviq mexanizmində vacib rol oynayır. Keçən il biz Çində 4 sərgidə vahid ölkə stendi ilə iştirak etdik. Baxmayaraq ki, bir çox ölkələr iştirak etməkdən imtina etmişdilər, biz isə əksinə, iştirakımızla bir mesaj vermək istədik. Heç bir çətinliyə baxmayaraq Azərbaycan şirkətləri öz öhdəliklərini yerinə yetirməyə hazırdır və biz Çin bazarında maraqlıyıq. Düşünürəm ki, bu mesaj Çinli tərəfdaşlar tərəfindən çox müsbət qarşılanıb.
Görülən işlər Azərbaycanın ixracyönümlü məhsullarının Çində daha çox tanıdılmasına və satışına, son nəticədə ikitərəfli iqtisadi-ticari əlaqələrin genişlənməsinə imkan yaradır. Amma hər iki ölkənin imkanlarını və iqtisadi inkişafını nəzərə alsaq deyə bilərik ki, əməkdşalıq üçün potensial kifayət qədər böyükdür.