“The Guardian” nəşrinin xəbərinə əsasən, ABŞ-ın ticarət nümayəndəsi Katrin Tay açıqlama verərək Türkiyə, Böyük Britaniya, İtaliya, İspaniya, Hindistan və Avstriyadan idxal edilən mallara yeni gömrük vergisinin tətbiqi ilə bağlı qərarın təsdiqləndiyini bildirib.
ABŞ qanunvericiliyinə uyğun olaraq bir ildir aparılan təhlillərdə adları çəkilən ölkələrdə tətbiq olunan rəqəmsal xidmət vergilərində Amerika şirkətlərinə qarşı ayrı-seçkilik qoyulduğu qənaətinə gəlinmişdi. Bu səbəbdən də ABŞ Ticarət Nümayəndəliyi həmin ölkələrdən idxal edilən 2 milyard dollarlıq mallara 25 faiz gömrük vergisinin tutulmasına qərar verib. Bu qərar qüvvəyə minəndən sonra Türkiyədən idxal edilən 310 milyon, Böyük Britaniyadan 887 milyon, İtaliyadan 386 milyard, İspaniyadan 323 milyon, Hindistandan 118 milyon, Avstriyadan isə 65 milyon dollarlıq mala əlavə gömrük vergisi tətbiq olunacaq.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) və G20 ölkələrinin apardıqları çoxtərəfli müzakirələrin tamamlanmasına şərait yaratmaq üçün qərarın qüvvəyə minməsi 180 günə qədər təxirə salınıb.
Açıqlamada "ABŞ-ın hədəfi rəqəmsal xidmət vergiləri ilə bağlı əndişələrimiz də daxil olmaqla beynəlxalq vergitutma ilə əlaqədar bir sıra məsələlərə çoxtərəfli həll yolu tapılmasıdır”, - qeyd edən K.Tay öz ölkəsinin OECD və G20 prosesləri vasitəsilə beynəlxalq vergitutma sahəsində razılıq əldə olunması üçün qətiyyətli olduğunu vurğulayıb.