Prezident İlham Əliyevin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yaradılaraq 2020-ci il oktyabrın 1-də istismara verilmiş Ani Ödənişlər Sisteminin (AÖS) infrastruktur imkanlarının genişləndirilməsi üzrə fəaliyyət davam etdirilir.
AMB-dən bildirilib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində, ölkədə ilk dəfə olaraq “Açıq bankçılıq” prinsipləri əsasında AÖS-də müştərilərin və onlara aid bank hesablarının məsafədən qeydiyyatdan keçirilməsi, silinməsi, qalıq üzrə məlumatların əldə edilməsi və əməliyyatların aparılmasına dair funksionallıqlar yaradılıb. Hazırda “Yapı Kredi Bank Azərbaycan” QSC, “Unibank” KB ASC, “AFB Bank”, “Azər-Türk Bank” ASC müştəriləri cari və ödəniş kartı hesabları üzrə, “Premium Bank” ASC, “Günay Bank” ASC, “Muğanbank” ASC, “Naxçıvanbank” ASC, “Bank Avrasiya” ASC, “Bank Respublika” ASC, “Turanbank” ASC və Bank “BTB” ASC müştəriləri isə cari hesablar üzrə sistemin qeyd edilən funksionallıqlarından yararlana bilər. Eyni zamanda, müştərilər AÖS-ün “AniPay” mobil tətbiqindən (Android: http://bit.ly/3b78WQo və IOS: https://apple.co/3hXL17u) istifadə etməklə 24/7/365 rejimində ödənişlərini anında həyata keçirə bilərlər.
Qeyd edək ki, hazırda 19 bank, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi və “Azərpoçt” MMC AÖS platformasına inteqrasiya olunub. Gələcəkdə sistemin əhatə dairəsinin genişləndirilməsi, habelə istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdiriləcək.