Vergi Məcəlləsinə edilmiş dəyişikliklər KOB-ların inkişafını stimullaşdırır

2019.03.07 18:10 (UTC+04:00)

Bakıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə "Caspian European Club"un birgə təşkil etdiyi biznes forumunda Azərbaycanda biznesin inkişaf perspektivlərinə dair müzakirələr aparılıb. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentlik tərəfindən "KOB dostu" şəbəkəsinin və "KOB evləri"nin təşkili istiqamətində görülən işlər barədə məlumat verib. Qeyd edilib ki, hazırda ölkənin müxtəlif şəhər və rayonlarında 12 "KOB dostu" fəaliyyət göstərir. İlk "KOB evi"nin isə bu il Bakı şəhərində fəaliyyətə başlayacağı gözlənilir. Tədbirdə Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərin KOB-ların inkişafını stimullaşdırmaq baxımından əhəmiyyəti xüsusi vurğulanaraq bildirilib ki, Agentliyin təklifləri əsasında "Kiçik və orta sahibkarlığın inkişafı haqqında" qanun layihəsi hazırlanıb. Hazırda KOB klasterlərin təşkili və fəaliyyətinin stimullaşdırılması, daxili bazar araşdırmaları və kadr potensialının artırılmasına dəstəyin göstərilməsi, sahibkarların hüquqları ilə bağlı onlayn portalın yaradılması, bu sahənin inkişafı ilə əlaqədar təhsil, elm və tədqiqat layihələrinin maliyyələşdirilməsi kimi mexanizmlər üzərində iş aparılır.

Sahibkarların, diplomatik qurumların və beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı tədbirdə KOBİA-nın, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının, "Bakı Tekstil Fabriki" MMC-nin, "Cahan Holdinq"in və "Times Consulting" şirkətinin nümayəndələri təqdimatlarla çıxış ediblər.