Qlobal vaksinasiya genişlənəcəyi halda, neftə tələbatın daha da artacağı gözlənilir.
Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
“Neftin qiyməti 70 dollarlıq psixoloji həddi keçib. “OPEC+” ölkələrinin hasilatı gözlənildiyindən daha az artırması və qlobal tələbatın çoxalması neftin qiymətini yüksəldib. Qlobal vaksinasiya genişlənəcəyi halda, neftə tələbatın daha da artacağı gözlənilir. Neftin qiymətinin yüksəlməsi enerji ixrac edən ölkələrin, o cümlədən Azərbaycanın valyuta gəlirlərini artıracaq. Ölkəmizin ümumi ixracının 85 faizinin enerji məhsullarının təşkil etdiyini nəzərə aldıqda neftin hər barelində qiymət artımları ölkəmiz üçün əlavə valyuta gətirir. Enerji ixracımızdan daxilolmaların artması qeyri-neft sektoruna və xüsusən də infrastruktur layihələrinə daha çox vəsaitin ayrılması baxımından da təqdirə layiqdir”, - deyə deputat qeyd edib.
Xatırladaq ki, “OPEC+” ölkələrinin nazirlərinin videokonfrans formatında dünən keçirilən 17-ci iclasında iyul ayı üçün hasilatın artırılması qərarının qüvvədə qalmasına dair razılıq əldə edilib. Toplantıda Azərbaycan da “Əməkdaşlıq Bəyannaməsi” iştirakçıları üzrə hasilatın azaldılması öhdəliyinin iyulda gündəlik 5,76 milyon barel həcmində saxlanılmasına dair planın qüvvədə qalmasına razılıq verib.
Qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycanın hasilatın azaldılması barədə öhdəliyi iyulda gündəlik 98 min barel olaraq qalacaq. Bu isə o deməkdir ki, xam neft hasilatı 10 min barel artırılacaq. Beləliklə, iyul ayında ölkədə xam neft hasilatı gündəlik 620 min barel həcmində saxlanılacaq.