Ölkə Prezidentinin problemli kreditlərlə bağlı fərmanı və sosial müavinətlərin, pensiyaların məbləğinin artması ilə bağlı qərarlar nəticəsində dövriyyəyə 2,2 milyard manatdan çox əlavə vəsaitin daxil olması gözlənilir. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib ki, fərmanla bağlı ayrılan vəsaitin böyük hissəsi emissiya xarakteri daşımır. Ona görə də Azərbaycanda həyata keçirilən sosial islahatlar inflyasiyaya güclü təsir etməyəcək: "Biz bu təsirləri 0,3-0,4 faiz civarlnda qiymətləndirmişik. İllik inflyasiya isə 1,7-1,8 faiz təşkil edir. Ona görə də inflyasiyaya ciddi təsir gözlənilmir".
Qeyd edək ki, 2019-cu ildə Azərbaycanda orta illik inflyasiya 3,1 faiz proqnozlaşdırılır, ötən il isə bu göstərici 2,3 faiz təşkil edib. E.Rüstəmov təhlilləri davam etdirdiklərini, həm xarici faktorları, həm də daxili amilləri bir daha qiymətləndirdiklərini qeyd bildirib: "Bu vəsaitlər 2019-cu ilin büdcəsində əvvəlcədən nəzərdə tutulmuşdu. İnflyasiyanın qarşısını almaq üçün Mərkəzi Bankın bütün alətlərindən istifadə edəcəyik. Banklarda açıq valyuta mövqeyi yarana bilər və biz bunun qarşısını almaq üçün valyutada qiymətli kağızlar buraxacağıq. Bundan başqa, Mərkəzi Bankın ənənəvi alətləri - banknotları və depozit hərracları vasitəsilə sterilizasiya edəcəyik ki, pul kütləsi artmasın".
Xatırladaq ki, martın 1-dən Azərbaycanda minimal əməkhaqqı 50 manat artaraq 180 manat, pensiya məbləği isə 160 manata qaldırılıb. Bununla yanaşı, şəhid ailələrinə verilən pensiya 220 manatdan 300 manata, məcburi köçkünlərə verilən müavinətlər 50 faiz artırılıb. Əlilliyə görə, yeni doğulan uşaqlara, müharibədə iştirak edən və əlilliyi olan şəxslərə verilən müavinətlərin məbləği də əhəmiyyətli dərəcədə artırılıb və bu məbləğlər 2019-cu il aprelin 1-dən ödənilməyə başlayacaq.