Vergi ödəyicisinin sualı var...

2018.11.30 12:00 (UTC+04:00)

Samirə Musayeva

Vergilər Nazirliyi
Vergi siyasəti departamentinin baş direktoru
vergi ödəyicilərinin suallarına cavab verir

Əlillərin gəlirinə vergi güzəşti

Mən I qrup əliləm. Muzdlu işdən əldə etdiyim gəlirlərə hansı vergi güzəşti tətbiq olunur?

Vergi Məcəlləsinin 102.3-cü maddəsinə uyğun olaraq, I və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Vergi Məcəlləsinin 102.8-ci maddəsinə görə, əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı"nın 1.9-cu bəndində qeyd edilmişdir ki, I və II qrup əlillərin (müharibə əlillərindən başqa) güzəşt hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı və tibbi-sosial ekspert komissiyasının rəyi və ya arayışı əsasında müəyyənləşdirilir.

Qeyd olunanlara əsasən:
I qrup əlilliyi olan şəxs tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş sənədlər əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan onun muzdlu işlə əlaqədar aldığı gəlirləri 200 manat məbləğində azaldılır.

Suallarınızı redaksiyamızın ünvanına:
AZ 1073, Bakı ş., Landau küç., 16 və ya
[email protected] elektron poçt ünvanına göndərə bilərsiniz