Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu məlumatı olduca əhəmiyyətlidir. Əmək hüquqları üzrə ekspert Sahib Məmmədov bildirib ki, praktikada yüzlərlə əlilliyi olan şəxs əlilliyini yenidən müəyyən edilməsi dövründə bir neçə ay, bəzən isə daha çox itkiyə məruz qalır (müxtəlif səbəblərdən, məsələn gec müraciət etmək, xəstəxanalardakı süründürməçilik və s.). Bu layihə qəbul olunsa problem əsaslı surətdə həll olunacaq.
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin
hüquqlarının daha dolğun təminatı məqsədilə “Əlilliyi olan şəxslərin
hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə yeni qanun layihəsi hazırlayıb. Layihə artıq Milli Məclisə təqdim edilib.
Layihədə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində şəxsin əlilliyi
yenidən müəyyən edildikdə, ötürülmüş müddətin nəzərə alınması təklifi yer alıb.
Bu o deməkdir ki, əgər şəxsə əlillik müddəti bitəndən sonra 6 aya
qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşəcək. Həmin müddət üçün də vətəndaşın sosial ödənişləri aparılacaq".