Lisenziyasız fəaliyyət göstərmək hüquqi məsuliyyət yaradır

2021.06.02 17:10 (UTC+04:00)

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci bəndinə əsasən, lisenziya – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir. Əlbəttə, sahibkarlıq fəaliyyətini həyata keçirən istənilən şəxsin lisenziya almaq öhdəliyi yoxdur və lisenziya yalnız qanunvericiliklə müəyyənləşdirilmiş sahələrdə fəaliyyət göstərəcək şəxslərə verilir. Qanuna əsasən, lisenziya tələb olunan fəaliyyət növləri və icazələr aşağıdakı meyarlardan biri nəzərə alınmaqla müəyyən edilir:

Göründüyü kimi, bu sahələrin lisenziyalaşdırılması dövlət təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitin, insanların həyat və sağlamlığının qorunmasına istiqamətlənmiş addımdır.

Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq olaraq 1 və 2 nömrəli əlavələri ilə müəyyən edilmişdir. Lisenziya tələb edən fəaliyyət növlərinə özəl tibb fəaliyyətini, əczaçılıq fəaliyyətini, təhsil fəaliyyətini, tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işlərini, tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini, liftlərin quraşdırılması və təmiri fəaliyyətini və s. misal göstərmək olar.

Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2016-cı il tarixli 866 nömrəli Fərmanı ilə lisenziya (icazə) verilməsi sahəsində dövlət siyasətini və metodiki rəhbərliyi həyata keçirən səlahiyyətli orqan olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi müəyyən edilmişdir.

Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən ümumilikdə 24 sahibkarlıq fəaliyyəti növü üzrə lisenziyalar (dövlət təhlükəsizliyindən irəli gələn hallar, habelə maliyyə bazarları sahəsində fəaliyyətlər istisna olmaqla) verilir. Lisenziyanın və icazənin alınması üçün lisenziya və icazə verən orqana ərizə ilə müraciət edən, təşkilati hüquqi formasından asılı olmayaraq hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi və fərdi sahibkar ərizəçi qismində çıxış edir. Lisenziyalar (sellülar (mobil) rabitə xidmətləri üzrə fəaliyyətə verilən lisenziyalar istisna olmaqla) müddətsiz verilir.

Qanunsuz sahibkarlığın obyektiv cəhətinə daxil olan digər əməl lisenziyalaşdırma şərtlərinin pozulmasıdır. Belə pozuntular lisenziyada və ya onun əlavələrində nəzərdə tutulmayan fəaliyyətlə məşğul olma, həmin növ fəaliyyətin həyata keçirilməsi üçün zəruri şərtlərə (sanitariya-gigiyenik normalara, istehsal-təsərrüfat sahəsinin ölçülərinə və s.) riayət edilməməsi, müəyyən məcburi şərtlərə məhəl qoyulmaması və s. hərəkətlərdə ifadə oluna bilər.

Lisenziya tələb olunduğu halda lisenziya almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olmanın inzibati xəta, yoxsa cinayət tərkibi yaratması vurulmuş zərərin və ya əldə edilmiş gəlirin həcmindən asılı olaraq müəyyənləşdirilir.

İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə-inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.

Həmin maddənin qeyd hissəsində təsbit edilmişdir ki, bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulmuş əməllər xeyli məbləğdə (əlli min manatdan artıq) ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cəzalandırılır. Başqa sözlə desək, əgər qeyd olunan əməllər nəticəsində 50.000 manatadək ziyan vurular və ya bu miqdarda gəlir əldə edilərsə, həmin əməllər inzibati xəta, 50.000 manatdan yuxarı miqdarda ziyan vurulması və ya gəlir əldə edilməsi ilə nəticələnərsə, cinayət tərkibi yaradır.

Burada vurulmuş ziyan dedikdə dövlətə, fiziki və hüquqi şəxslərə dəymiş əmlak itkisi, ayrı-ayrı şəxslərin sağlamlığına dəymiş zərər, habelə əldən çıxmış mənfəət başa düşülə bilər. Əldə edilmiş gəlir dedikdə isə təqsirkarın qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə etdiyi pul vəsaitlərinin, əmlakın və pulla ifadə oluna bilən digər maddi dəyərlərin məcmusu başa düşülməlidir.

Onu da qeyd etmək istərdik ki, inzibati xəta tərkibi yaradan qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur.

Vurulmuş ziyanın və ya əldə edilmiş gəlirin miqdarının artması cinayət məsuliyyətinin və buna müvafiq olaraq cəzanın ağırlaşmasına səbəb olur. Belə ki, Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan 192.1-ci maddəsində nəzərdə tutulan əməllər:

1) fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Burada “xeyli miqdar” dedikdə 50.000 manatdan yuxarı, lakin 200.000 manatdan artıq olmayan məbləğ başa düşülür.

2) mütəşəkkil dəstə tərəfindən törədildikdə, həmçinin külli miqdarda ziyan vurmaqla və ya külli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Burada “külli miqdar” dedikdə 200.000 manatdan yuxarı, lakin 500.000 manatdan artıq olmayan məbləğ başa düşülür.

3) xüsusilə külli miqdarda ziyan vurduqda və ya xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə və ya beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Burada “xüsusilə külli miqdar” dedikdə 500.000 manatdan yuxarı olan mәblәğ başa düşülür.

Cinayət Məcəlləsinin 73-2.2-ci maddəsində qeyd edilir ki, həmin Məcəllənin 192-ci maddəsində (Qanunsuz sahibkarlıq) nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmiş və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxs, bundan əlavə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir.

Həmçinin, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1.6-cı maddəsinə əsasən, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilən operativ vergi nəzarətinin predmetlərindən biridir və qanunsuz sahibkarlıq tərkibini yaradan bu əməllərin səlahiyyətli orqanlar tərəfindən aşkar edilməsi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilməsi ilə nəticələnir.

Fəxriyyə İKRAMQIZI