Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə muzdlu işə görə vergi güzəştinin hesablanması

2021.06.01 11:02 (UTC+04:00)

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 98-ci maddəsinin 1-ci hissəsinə görə, muzdlu işlə əlaqədar alınan gəlir dedikdə fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlir nəzərdə tutulur.

Vergi Məcəlləsinin 101-ci maddəsinə əsasən, fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 2500 manatdan çox olan məbləğin 25 faizi məbləğində gəlir vergisi tutulur.

Məcəllənin 102.1.6-cı maddəsində göstərilib ki, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat, illik gəliri 30 000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Misal: Tutaq ki, dövlət sektorunda işləyən və müharibə ilə əlaqədar əlilliyi olan şəxsin aylıq əməkhaqqı 2850 manat təşkil edir. Bu halda muzdlu işlə əlaqədar aylıq gəlirindən gəlir vergisi aşağıdakı kimi hesablanmalıdır:

2850 – 400 = 2450 manat
2450 x 14% = 343 manat.

Bəzən mühasiblər yalnışlıqla Məcəllənin 101-ci maddəsini əsas gətirərək yuxarıda qeyd edilən misalda aylıq gəlirin 2500 manatdan çox olan hisəssindən 25% (2850 – 2500 = 350 * 25% = 87,50 manat) , 2500 manatədək olan hisəssindən isə əlilliyi ilə əlaqədar azadolmanı (2500 – 400 = 2100 * 14% =294 manat) çıxdıqdan sonra 14% gəlir vergisi tutur ki, bu da son nəticədə 38.50 manat (294 + 87,50 – 343 = 38,50) çox tutulma deməkdir.

Digər halda mühasiblər yalnışlıqla Vergi Məcəlləsinin 101-ci və 102.1.6-cı maddələrini əsas gətirərək yuxarıda qeyd edilən misalda işçinin aylıq gəlirinin 2500 manatdan çox olan hissəsindən 25% (2850 – 2500 = 350 * 25% = 87,50 manat), 2500 manadək olan hisəssindən isə əlilliyi ilə əlaqədar azadolmanı və Məcəllənin 102.1.6-cı maddəsində qeyd edilən azadolmanı çıxaraq (2500 – 400 – 200 = 1900 * 14% =266 manat) gəlir vergisi tutur. Bu da son nəticədə 10,50 manat (266+ 87.50 – 343 = 10.50) çox tutulma deməkdir.

Elə hallara da təsadüf edilir ki, mühasiblər yalnışlıqla Məcəllənin 102.1.6-cı və 102.2.4-cü maddələrini əsas gətirərək yuxarıda qeyd edilən misalda işçinin aylıq gəlirindən əlilliyi ilə əlaqədar vergidən azaldılan 400 manat azaltdıqdan sonra yenidən 200 manat azaldaraq gəlir vergisi (2850 – 400 =2450 – 200 = 2250 * 14% = 315) tutur ki, bu da dövlət büdcəsinə 28 manat (315-343 =28) gəlir vergisinin az ödənilməsi ilə nəticələnir. Bu isə sonrakı mərhələdə həm işəgötürən, həm də işçi üçün əlavə problemlər yaradır.