- Hər bir şəhər baş plana uyğun sıfırdan inşa olunacaq. Həm infrastruktur, həm yaşayış binalarının tikintisi zamanı iş yerləri açılacaq ki, həmin işlərdə məşğul şəxslərin bir çoxu sonradan həmin şəhərdə məskunlaşa bilər;
- Həmin şəhərlərdə çalışan insanlara xidmət göstərən sektorlar, mağazalar, iaşə obyektləri və s. formalaşacaq. Bu da tikintiyə dolayısı ilə aidiyyəti olan iş yerlərinin açılmasına səbəb olacaq;
- Tikinti işləri bitdikdən sonra bağlanacaq iş yerlərini əvəzləyəcək iş yerlərini paralel olaraq tikiləcək emal, istehsal, ticarət müəssisələri və özünüməşğulluq sektorları təmin edəcək. Bu, xidmət və iaşə sektorlarındakı iş yerlərinin bağlanmamasına, əksinə daha da artmasına şərait yaradacaq.
- Beləliklə, şəhərin planına uyğun olaraq, tikiləcək mənzil və fərdi evlərdə yaşayacaq əhali sayı ilə iş yerləri arasındakı nisbətin birinci mərhələdə infrastruktur və digər tikintilər (o cümlədən yaşayış evləri, mənzilləri, biznes obyektləri) hesabına, növbəti mərhələdə isə biznes sahəsində, o cümlədən özünüməşğulluq proqramları, kənd təsərrüfatı, dövlət müəssisələrinin filial və şöbələri hesabına qorunması təmin olunacaq;
- Şəhərsalma zamanı hər bir şəhərdə iri emal və istehsal müəssisəsinin olması məskunlaşma prosesini daha da sürətləndirəcək. Bundan sonra həm pul dövriyyəsi, həm şəhər daxilindəki qarşılıqlı iqtisadi, sosial əlaqələr, həm də kənardan şəhərə daxil olan (büdcə) vəsaitləri (pensiya, təqaüd, dövlət müəssisələrində çalışanların əmək haqları, turizm və s.) iqtisadi inkişafı sürətləndirəcək;
- İşğaldan azad olunmuş bölgələrin bərpası zamanı büdcəyə geri dönüşlərə, xərclərə ciddi nəzarət dövlət büdcəsi üçün multiplikativ effektə çevriləcək. Yəni oraya xərclənən vəsaitlərin bir issəsi tikinti materiallarının alışına sərf olunacaq ki, bu da ölkə daxilində tikinti materiallarını istehsal edən müəssisələrdə, xidmət sektorunda əlavə iş yerləri, artan dövriyyə, mənfəət və daha çox vergi ödənişi, pensiya fondlarına ödənişlər deməkdir. Qısası, işğaldan azad olunmuş bölgəyə 2021-ci ildə xərclənən hər 1 milyard manat 2022-ci ilin büdcəsinə müxtəlif istiqamətlərdən ən azı 400-450 milyon manat vəsaitin geri ödənişinə şərait yaradacaq (ÜDM artımında bu rəqəm dövriyyə və multiplikativ effekti nəzərə aldıqda daha yüksək göstərici deməkdir). Əlbəttə, şəffaflıq və ciddi nəzarət bu nisbətin artıb-azalmasında ciddi rol oynayacaq. 2022-ci ildə büdcədən daha çox vəsaitin bərpa proseslərinə yönəlməsi 2023-cü ilin büdcəsində daha çox geri dönüşü və daha artıq ÜDM-i təmin edəcək və bu tendensiya ildən-ilə artacaq;
- Daha çox artacaq büdcə və ondan da çox nisbətlə artacaq ÜDM sayəsində digər regionların inkişafı üçün pay artımı baş verəcəkdir. Artan dövriyyə artan əməkhaqqı, pensiya, eləcə də güclənən iqtisadi fəallıq deməkdir;
- Bərpa prosesində ciddi siyasi iradə, diqqətlərin həmin bərpa proseslərinə yönəlməsi (bu həm də nəzarət deməkdir), xarici təcrübələrdən istifadə, bərpanın, demək olar ki, sıfırdan başlaması, təsdiqlənmiş baş plana uyğun aparılması, alternativ və yaşıl enerji layihələrinin tətbiqi, regionun bərpa prosesini sürətləndirəcək resurs və imkanlar, iqlim və s. kimi amillər səmərəliliyi artıracaq;
- Bərpa maddiyyatdan və dövlətin siyasi iradəsindən asılı olduğu üçün daha sürətlə gedəcək. Burada önəmli olan bərpanın sürəti ilə məskunlaşmanın sürətinin paralel getməsi və bunlar arasındakı nisbətin pozulmaması, bərpadan sonra isə məskunlaşmanın daha da artmasıdır.