Honkonq hökuməti kiçik müəssisələrin mənfəət vergisinin 10 faiz səviyyəsinə salınması üçün təklifi qəbul etməyə hazırlaşır. Yeni razılaşmaya əsasən, kiçik müəssisələrin 2 milyon Honkonq dolları (255.640 ABŞ dolları) həcmində ilkin mənfəəti 10 faiz dərəcəsi ilə vergiyə cəlb olunacaq, mənfəətin qalan hissəsindən isə vergi 16,5 faiz dərəcəsi ilə tutulacaq. Bu plan kiçik biznesin vergi yükünün azaldılması, bu sahənin inkişafının stimullaşdırılması məqsədi daşıyır. Hazırda təklif Honkonqun baş icraçı direktoru Kerri Lamın təsdiqinə göndərilib: Kerri Lamın seçkiqabağı vədlərindən biri də vergi güzəştlərinin edilməsi idi. Hesablamalara əsasən, vergi güzəştlərinin ümumi məbləği 5 milyard Honkonq dollarına (639,1 milyon ABŞ dolları) çatacaq.
Qeyd edək ki, Honkonq 2018-2019-cu maliyyə ili üzrə 11,7 milyard ABŞ dolları məbləğində müsbət saldonu qoruyub saxlayır və 12,4 milyard ABŞ dolları həcmində ümumi rezervlərə malikdir.