Yeni nəsil xidmət ixracı hesab edilən peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri sahəsi xidmət ixracının şaxələnməsi istiqamətində mühüm rola malikdir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın may sayında bildirilir ki, cari ilin yanvar-aprel aylarında “Azərkosmos” ASC tərəfindən 27 ölkəyə 16,9 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac olunub.
“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 91 faizini təşkil edib.
ASC-nin cari ilin ilk dörd ayında xidmət ixracı həyata keçirdiyi əsas ölkələrin siyahısında ilk beşlikdə ABŞ (5,1 milyon dollar), Malayziya (3,6 milyon dollar), Birləşmiş Krallıq (3,3 milyon dollar), Fransa (2,8 milyon dollar) və Birləşmiş Ərəb Əmirlikləri (579 min dollar) qərarlaşıb.
Qeyd edək ki, 2021-ci ilin aprel ayında isə “Azərkosmos” ASC-nin xidmət ixracı 6,3 milyon dollar (26 ölkəyə) dəyərində olub.