İsmayıllı rayonunda dövlət dəstəyi ilə 15 kənd qonaq evi yaradılıb

2021.05.27 17:28 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sifarişi və Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən icra olunan “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində İsmayıllı rayonunda 15 sahibkarlıq obyekti - kənd qonaq evi istifadəyə verilib.

Yerli və xarici turistlərə qonaqlama xidməti göstərəcək kənd qonaq evləri İsmayıllı rayonunun Buynuz, Xanəgah, Topçu, Təzəkənd, Sumağanlı kəndlərində və Lahıc qəsəbəsində yerləşir. KOBİA-nın dəstəyi ilə kənd qonaq evləri əsaslı şəkildə təmir edilib və onların sahiblərinin turizm və xidmət sahələrində bilik və bacarıqlara yiyələnməsi üçün təlimlər təşkil olunub. Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində qonaq evləri müvafiq avadanlıqlarla təmin olunub.

Kənd qonaq evlərinin istifadəyə verilməsi ilə əlaqədar İsmayıllı rayonunun Buynuz kəndində KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, eləcə də bir sıra dövlət qurumlarının və müxtəlif QHT-lərin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Tədbir iştirakçıları kənd qonaq evləri ilə tanış olub, onlara layihə çərçivəsində görülmüş işlər barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin məqsədi regionlarda sahibkarlığın təşviq olunması və özünüməşğulluğun təmin edilməsi ilə əhalinin rifah halının yaxşılaşdırılmasına dəstək olmaqdır. Layihənin icrasına 2020-ci ilin sentyabr ayından başlanılıb. Layihə iştirakçılarının seçimi zamanı sosial həssas qrupa aid şəxslərə üstünlük verilib.

Layihəyə qoşulmuş rayon sakinləri qonaq evlərinin yaradılmasının gəlirlərinin artmasında və məşğulluğun təmin edilməsində, rayonda sahibkarlığın inkişafında əhəmiyyətli olacağını vurğulayıb, dəstəyə görə təşəkkür ediblər.