Bu ilin dörd ayında 10 minə yaxın şəxsə əlillik təyinatı aparılıb

2021.05.26 15:58 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən əlilliyin qiymətləndirilməsi işləri davam etdirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, bu ilin yanvar-aprel aylarında 10 minə yaxın şəxsə əlillik təyinatı aparılıb və onlardan 3178-i ilkin, qalanları təkrar əlillik təyin edilənlər olub.

Əlillik təyinatı aparıldıqdan sonra həmin şəxslərə əlilliyə görə müvafiq sosial ödənişlərin də e-sistem üzərindən proaktiv qaydada təyinatı həyata keçirilib.

Xatırladaq ki, əlilliyin qiymətləndirilməsi vətəndaş-məmur (ekspert) təması olmadan, elektron infrastruktur (“Əlillik” altsistemi) üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında obyektiv və şəffaf şəkildə aparılır.