Ortamüddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirilib

2021.05.25 17:27 (UTC+04:00)

Mayın 25-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106017889 ISIN-li, 40 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən bildirilib ki, hərrac zamanı 25 investor tərəfindən qiymət intervalı 86.6872 AZN (13 faiz) və 101.8711 AZN (6.8 faiz) olan 39 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100.2912 AZN (7.39 faiz), orta ölçülmüş qiyməti 100.4076 AZN (7.3461 faiz) müəyyən edib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 270 milyon 822 min 400 manat, yerləşdirilmiş həcmi isə 60 milyon manat təşkil edib. İstiqrazlar 2024-cü il mayın 21-də ödəniləcək. Hərrac iştirakçıları mayın 26-dək (T+1) istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.