Kənd evlərinin turizm imkanlarını artırmaq diqqət mərkəzindədir

2021.05.25 10:43 (UTC+04:00)

- Elgün müəllim, ötən illə müqayisədə bu mövsümdə turizmin aktivliyi gözlənilirmi?

- Bu, Operativ Qərargahın rayonlara səfərlə bağlı qərarlarından asılıdır. Sonuncu bayram günlərində regionlardakı otellərin doluluq səviyyəsinin yuxarı olduğunu müşahidə etdik. Sərhədlər bağlı olduğundan hər il xaricə səfər edən 2-3 milyon turistin yerli turizm məkanlarına yönəlməsi gözlənilir. Bu da, sözsüz ki, daxili turizm bazarının potensialını artırır.

- Bəzi hallarda turistlər xidmət sahələrində qiymətlərin baha olmasından narazılıq edirlər. Dövlət Turizm Agentliyi bu məsələlərə hansısa formada nəzarət edirmi?

- Turizm sərbəst sahədir. Orada dövlətin qiymətlərə müdaxiləsi yoxdur. Bu sektorda qiymətlər tələb-təklif əsasında formalaşır. Xidmətin keyfiyyətinin artırılmasına gəldikdə, agentliyimiz pandemiya şəraitində daha çox onlayn təlimlər təşkil edir və bunu davam etdirəcəyik. Təlimlər regionlarda ayrı-ayrı xidmət sahələrində keyfiyyətin artırılmasına xidmət edir. Bu agentliyin “mymenu.az” saytı istifadəyə verilib. Burada əsas məqsəd restoranlarda xidmət keyfiyyətinin və müştəri məmuniyyətinin artırılması, menyulardan istifadənin təbliği, ikili menyuların qarşının alınmasıdır. Restoranlar asan şəkildə saytda qeydiyyatdan keçərək daha çox turistə xidmət göstərə bilirlər.

- Mövsümlə əlaqədar kənd evləri yenidən aktuallaşıb. Onların qeydiyyatının aparılması və həmin evlərdə xidmətin keyfiyyətinin artırılması istiqamətində hansı işlər görülür?

- Bu məsələ agentliyin əsas prioritetlərindəndir. İlk olaraq, kənd evləri ilə bağlı sorğular keçirmişik. Həmin evlərin həm infrastruktur, həm də xidmət keyfiyyəti baxımından ehtiyaclarını müəyyənləşdirmişik. Ölkədə fəaliyyət göstərən donor təşkilatların vəsaitləri hesabına müəyyən layihələr reallaşdırılıb. Həmin təşkilatlar regional, icma əsaslı inkişafa üstünlük verirlər. Biz də çalışırıq ki, ayrılan vəsaitləri kənd turizminə yönəldək.

Layihələr çərçivəsində təlimlər, təbliğat işləri nəzərdə tutulub. Agentliyin əsas hədəfi turistləri qəbul edən kənd evlərində xidmətin keyfiyyətinin artırılmasıdır. Çalışırıq ki, orada müasir standartlara cavab verən turizm xidməti təklif olunsun.

- Bu günlərdə Bakıdan Qəbələyə gedən qatarın təqdimatı oldu. Yeni marşrut bölgənin turizm potensialına necə təsir edəcək?

- Nəzərə alaq ki, Qəbələ Azərbaycanda Bakıdan sonra ən çox turist qəbul edən distinasiyalardan biridir. Buraya təkcə yerli deyil, həm də əcnəbi turistlər səyahət edirlər. Müəyyən qrup turistlər məhz qatarla səyahət etməyi sevirlər. Ona görə də yeni qatar xətti həmin şəxslər üçün çox əlverişli olacaq. Qatarla səyahət daha sürətli və təhlükəsizdir, eləcə də əl yüklərinin daşınması üçün daha uyğundur. Bu marşrutun açılması Qəbələnin turizm imicinin cəlbediciliyini artırır və regiona daha çox turist cəlb olunmasına şərait yaradır.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2020-ci ildə Qəbələyə 45 minə yaxın turist səfəri olub. Pandemiyadan əvvəl bu göstərici daha yüksək idi. Burada artıq oturuşmuş turizm infrastrukturu, əyləncə məkanları var, mehmanxana xidmətləri formalaşıb. Bir çox regionlar üçün Qəbələ bir nümunədir. Turizmin canlanması ilə bu infrastrukturun da genişlənəcəyi gözlənilir.

Fərqanə ALLAHVERDİQIZI