KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsinə başlanılıb

2021.05.24 16:48 (UTC+04:00)

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə başlanılıb və bu məqsədlə elan edilmiş ilk müsabiqənin qalibləri ilə müqavilələr imzalanıb. Müvafiq vəsait müsabiqə qaliblərinin bank hesablarına köçürüləcək.
Kiçik və Orta Biznesin İnkişafı

Agentliyindən (KOBİA) bildirilib ki, bununla bağlı mayın 24-də müsabiqə qaliblərinin iştirakı ilə tədbir keçirilib. Müsabiqənin qaliblərini təbrik edən agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün ilk müsabiqə Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli Qərarı ilə təsdiqlənmiş qaydalara əsasən təşkil olunub. Vurğulanıb ki, ilk müsabiqə olmasına baxmayaraq, sahibkarlar tərəfindən müsabiqəyə böyük maraq göstərilib. Ümumilikdə müsabiqəyə 329 layihə təqdim edilib. KOB subyektlərinə məxsus layihələrin 129-u hüquqi, 193-ü fiziki şəxslərə, o cümlədən 319-u mikro və 3-ü kiçik sahibkarlıq subyektlərinə məxsusdur. Müsabiqəyə təqdim olunmuş layihələrdən 128-i təhsil, 99-u dəstək, 32-si tədqiqat, 5-i elm, 65-i isə çoxsahəli layihələrdir. Ekspert Komissiyasının kollegial qərarına uyğun olaraq 15 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul olunub. Layihələr yanacağa qənaət, müxtəlif qurğuların və proqram təminatının hazırlanması, təkrar emal, tullantısız istehsal, beynəlxalq sertifikatların və patentlərin alınması, qadınların məşğulluğunun təmin edilməsi istiqamətlərini əhatə edir. Hər layihənin ayrı-ayrılıqda maliyyələşdirilməsi üçün minimum 14 min, maksimum 20 min manat həcmində vəsait ayrılıb.

KOB subyektlərinin müsabiqə barədə məlumatlandırılması və layihələrin hazırlanmasına dəstək məqsədilə agentlik tərəfindən maarifləndirici tədbirlər görülüb, o cümlədən vebinar keçirilib, KOB inkişaf mərkəzləri tərəfindən sahibkarlara məsləhət xidmətləri göstərilib, layihələrin hazırlanması mövzusunda təlimlər təşkil olunub. Orxan Məmmədov qeyd edib ki, agentlik layihələrin davamlı və KOB sektoru üçün faydalı olmasında, eləcə də mexanizmin səmərəli dəstək tədbiri kimi inkişafında maraqlıdır. Agentlik tərəfindən layihələrin icrasına və ödənilən vəsaitin təyinatı üzrə istifadə edilməsinə nəzarət olunacaq. Belə ki, şəffaflığın və hesabatlığın təmin edilməsi məqsədilə monitorinqlər aparılacaq və layihələrin icrası prosesi barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq.

Həmçinin bildirilib ki, müsabiqənin qalibləri əlavə dəstək kimi KOBİA-ya müraciət edərək “Startap” şəhadətnaməsi ala bilərlər. “Startap” şəhadətnaməsi müsabiqə qaliblərini 3 il müddətinə innovativ fəaliyyətdən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edəcək.

Əqli Mülkiyyət Agentliyinin tabeliyində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin direktoru Nəcəf Quliyev mərkəzin fəaliyyəti barədə məlumat verərək, müsabiqənin qaliblərinin mərkəzin təqdim etdiyi xidmətlərdən də istifadə edə biləcəklərini qeyd edib.

Qeyd edək ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş ilk müsabiqəyə sənəd qəbulu fevralın 17-dən martın 18-dək, layihələrin ekspertizası və qiymətləndirilməsi isə martın 19-dan – aprelin 23-dək həyata keçirilib, aprelin 30-da isə Ekspert Komissiyasının ilk iclası olub. Ekspert Komissiyası tərəfindən layihələrin qiymətləndirilməsi zamanı müvafiq meyarlara uyğun olaraq, onun mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımi təcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürülüb.