Avstriya şirkətləri Azərbaycan və Gürcüstanla əməkdaşlıqda maraqlıdır

2021.05.21 15:00 (UTC+04:00)

Avstriya Federal İqtisadiyyat Palatasının, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Gürcüstanın Sənaye və Ticarət Palatasının təşkilatçılığı ilə Azərbaycan və Gürcüstanla əməkdaşlıqda maraqlı olan Avstriya şirkətləri üçün “Azərbaycanda və Gürcüstanda iqtisadi inkişaf və biznes fürsətləri” mövzusunda vebinar keçirilib.

AZPROMO-dan bildirilib ki, Avstriyanın Azərbaycandakı ticarət komissarı Georg Karabaczek görüşün işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətini vurğulayıb, avstriyalı sahibkarların ölkəmizə böyük marağının olduğunu, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını qeyd edib.

AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev ölkəmizin əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, avstriyalı iş adamlarını bu imkanlardan yararlanmağa dəvət edib.
Gürcüstanın Sənaye və Ticarət Palatasının prezidenti Georgi Pertaya birgə əməkdaşlığın hər üç ölkənin iş adamları üçün faydalı olacağına, qarşılıqlı əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb.

Sonda Azərbaycanın və Gürcüstanın investisiya imkanları barədə təqdimatlar keçirilib, avstriyalı iş adamlarını maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.