Aprelin 1-nə muzdla çalışan işçilərin sayı 1 milyon 679,7 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 915,3 min nəfər, qeyri-dövlət sektorunda isə 764,4 min nəfər təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda 33 min nəfər, qeyri-neft-qaz sektorunda isə 1 milyon 646,7 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,5 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,4 faizi emal sənayesində, 7,2 faizi tikintidə, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub. Xidmət sahəsində işləyənlərin 19,7 faizi təhsil, 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi istirahət, əyləncə və incəsənət, 1,8 faizi informasiya və rabitə, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 0,9 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.
Birinci rübün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 1480 nəfər olub. Onlardan 39,7 faizi tikintidə, 17 faizi mədənçıxarma sənayesində, 8,4 faizi emal sənayesində, 6,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 4,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq və 18,6 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub. Yanvar-mart aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 139,5 saat təşkil edib.