Sahibkarların və vətəndaşların bank xidmətləri ilə bağlı mövcud problemləri müzakirə edilib

2021.05.21 14:20 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun nümayəndələri “Sahibkarların və vətəndaşların bank xidmətləri ilə əlaqədar mövcud problemləri” mövzusunda onlayn ictimai görüşdə iştirak ediblər.

Fonddan bildirilib ki, Azərbaycan Milli QHT Forumu İctimai Nəzarət Mərkəzi tərəfindən təşkil edilmiş, sahibkar, dövlət qurumu, vətəndaş cəmiyyəti institutları, bank və kredit təşkilatlarının 100-dən çox nümayəndəsinin iştirak etdiyi görüşdə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Arif Vəliməmmədov çıxış edib. İctimai müzakirə zamanı pandemiya dövründə və Vətən müharibəsi nəticəsində yaranmış şəraitdə vətəndaşlara və sahibkarlara göstərilən dövlət dəstəyi, həmçinin banklar tərəfindən həyata keçirilən adekvat tədbirlər barədə geniş məlumat verilib.

Görüşdə sahibkarların maliyyə resurslarına çıxışında qarşılaşdığı məsələlər və onların həlli yolları ilə bağlı təkliflər səsləndirilib, banklar tərəfindən göstərilən xidmətlərin təkmilləşdirilməsində vətəndaşlar və sahibkarlarla qarşılıqlı dialoqun önəmi qeyd olunub, bu cür tədbirlərin mütəmadi təşkil olunacağı bildirilib.