Mayın 20-də Azərbaycanla Böyük Britaniya arasında 2 sənəd imzalanıb.
Sənədlər Bakıda keçirilən iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyasının 4-cü iclası çərçivəsində imzalanıb.
Sənədlərdən biri, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Beynəlxalq Ticarət Nazirliyi arasında təmiz enerjiyə keçid sahəsində əməkdaşlığa dair anlaşma memorandumu”dur. Sənəd iki ölkə arasında enerji məsələlərində əməkdaşlığı gücləndirmək və iqlim dəyişikliyi probleminin həlli imkanlarını araşdırmağı nəzərdə tutur. Memorandum çərçivəsində bərpaolunan enerji, enerji səmərəliliyi, aşağı karbonlu texnologiyalar, liberal enerji bazarına keçid və elektrik şəbəkələri sahələrində əməkdaşlıq ediləcək, məlumat və təcrübə mübadiləsi aparılacaq.
Eyni zamanda, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Elektron Hökumətin İnkişafı Mərkəzi” ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Rəqəmsal Hökumət Xidməti arasında rəqəmsal hökumət sahəsində Niyyət Protokolu da imzalanıb.