Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində növbəti sahəvi görüş üzüm və şərab istehsalı ilə məşğul olan sahibkarların iştirakı ilə təşkil olunub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, onlayn formatda keçirilmiş görüşdə İqtisadiyyat Nazirliyinin, Dövlət Vergi Xidmətinin, Gömrük Komitəsinin, Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin, eləcə də Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının nümayəndələri və 30-dək sahibkarlıq subyekti iştirak edib.
Üzüm və şərab istehsalı sahəsi üzrə mövcud vəziyyətin öyrənilməsi məqsədilə təşkil olunmuş görüşdə üzümçülüyün və onun emal sənayesinin müasir bazar iqtisadiyyatı şəraitində inkişaf etdirilməsi, istehsalın təşviqi mexanizmi, bu məhsulların xarici bazarlara çıxarılması məsələləri müzakirə olunub, sahibkarların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.