Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,9 faiz artıb

2021.05.20 16:43 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ilkin məlumatlarına əsasən, bu ilin yanvar-mart aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 6,0 faiz artırılaraq 1218,4 milyon manata çatdırılıb. Həmin vəsaitin 97,2 faizini pensiya xərcləri təşkil edib.

Bu il aprelin 1-nə olan məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1220,1 min nəfər pensiyaçı qeydiyyatda olub və bu, ölkə əhalisinin 12,2 faizini təşkil edir.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onların 58,6 faizi yaşa, 29,9 faizi əlilliyə, 11,5 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,9 faiz, bu ilin əvvəli ilə müqayisədə isə 8,9 faiz artaraq 329,2 manat təşkil edib və orta aylıq əməkhaqqının 46,2 faizinə bərabər olub.