Aİ ortaq korporativ vergi tətbiqi təşəbbüsünü irəli sürüb

2021.05.21 18:23 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) Komissiyası üzv ölkələrin transmilli şirkətlərə fərqli vergi tətbiqinin qarşısını almaq məqsədilə hazırladığı yol xətirəsini açıqlayıb. Bu sənədə görə, Aİ ölkələrində səmərəli və ədalətli korporativ vergi sisteminin yaradılması təşviq ediləcək. Aİ Komissiyası 2023-cü ilə qədər Aİ-də idarəetmə yükünü azaldacaq və vergi əngəllərini aradan qaldırqacaq yeni bir vergitutma çərçivəsi hazırlayacaq. Həmin çərçivə daxilində Aİ ölkələri üçün vahid korporativ vergi tənzimlənməsi müəyyənləşdiriləcək. Bununla da üzv dövlətlər arasında vergiqoyma ədalətli şəkildə aparılacaq, bürokratiya xərcləri və vergidən yayınma azalacaq.

Yeni vergi tədbirləri ilə “pərdə şirkətlərin” vergidən yayınmalarına qarşı daha təsirli mübarizə aparılacaq. Şirkətlərin fəaliyyətlərini borc yerinə öz sərmayələri ilə maliyyələşdirmələri təşviq olunacaq.
Aİ ölkələrində fəaliyyət göstərən iri firmalar effektiv vergi nisbətlərini açıqlayacaq ki, bununla şəffaflığın artırılmasına nail olunacaq.

Avropa Komissiyası rəqəmsal iqtisadiyyatın ədalətli şəkildə vergiyə cəlb edilməsi üçün yeni tədbirlər həyata keçirəcək. Aİ-yə öz maliyyə mənbələrini təmin etmək üçün rəqəmsal sahələrə yönəlik vergi tətbiq etmək təklif olunacaq.