İqtisadiyyatın şaxələndirilməsi uğura aparan əsas amillərdəndir

2019.03.06 17:02 (UTC+04:00)

Martın 6-da Bakıda Azərbaycanda "İqtisadiyyatın şaxələndirilməsi - özəl sektorun rolu üzrə yüksək səviyyəli Forum" keçirilib. Dünya Bankı və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə yerli və xarici ekspertlər, eləcə də ölkənin əsas iqtisadi maliyyə qurumlarının rəhbərləri iştirak ediblər.

Dünya Bankının Azərbaycan üzrə meneceri Naved Naqvinin də iştirak etdiyi forumda Baş nazirin müavini Əli Əhmədov çıxış edib. Ölkəmizin keçdiyi iqtisadi inkişaf yoluna nəzər salan Ə.Əhmədov neft ölkəsi kimi tanınan Azərbaycanın "qara qızıl"ın qiymətindəki ucuzlaşmalardan sonra yeni iqtisadi çağırışlara istiqamətləndiyini qeyd edib. 2018-ci ildə Azərbaycan iqtisadiyyatının 1,4 faiz artdığını deyən Baş nazirin müavini qeyri-neft sənayesində 2 faizdən, kənd təsərrüfatında isə 3 faizdən çox artım olduğunu diqqətə çatdırıb. İndiki dövrdə ölkə iqtisadiyyatının diversifikasiyasını vacibliyini qeyd edən Ə.Əhmədov bu istiqamətdə özəl sektorun önəmli rol oynadığını, xüsusilə kiçik və orta sahibkarlığın inkişafının mühüm əhəmiyyət kəsb etdiyini bildirib: "Hesablamalara görə, hər il əmək bazarına 100 mindən artıq işçi qüvvəsi daxil olacaq, yaxın illərdə isə bu rəqəmin 120 minə çatacağı gözlənilir. Onların işlə təminatında kiçik və orta sahibkarlıq subyektləri əsas rol oynayacaq".

Forumda çıxış edən iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova 2006-2014-cü illərdə ölkədə aparılan infrastruktur quruculuğuna Dünya Bankının yaxından dəstək verdiyini xatırladaraq, bu illər ərzində daha çox nəqliyyat, enerji təchizatı, kənd təsərrüfatının inkişafı, ekoloji layihələrə diqqət yetirildiyini bildirib. Özəl sektorda vergi yükünün azaldılması üzrə əsaslı tədbirlər görüldüyünü deyən S.Həsənova bunun davamı kimi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradıldığını, starateji yol xəritələrinin qəbul edildiyini bildirib.

Sonra Dünya Bankının nümayəndələri və yerli ekspertlər iqtisadiyyatın inkişafını sürətləndirmək və daha yüksək nailiyyətlər əldə etmək üçün təkliflərini səsləndiriblər.

Fərqanə ALLAHVERDİQIZI