Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi dövlət-özəl tərəfdaşlığı istiqamətində fəaliyyətini davam etdirir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, indiyədək mərkəz İKT sahəsindən olan bir neçə şirkətlə “ASAN Viza”, “E-satınalma”, “Su Balansı Sistemi”, “Elektron Sənəd Dövriyyəsi Sistemi” və digər layihələr üzrə uğurla əməkdaşlıq edib.
Bu istiqamətdə özəl qurumlarla iş birliyi və yeni imkanların dəyərləndirilməsi üçün EHİM-in rəsmi internet səhifəsi olan https://www.digital.gov.az/-da “Tərəfdaşlıq müraciəti” bölməsi yaradılıb. Bu bölmədə dövlət – özəl tərəfdaşlığı çərçivəsində mərkəzlə əlaqə yaratmaq, layihə təklif edərək əməkdaşlıq etmək istəyən istənilən şirkət tərəfindən https://partnership.digital.gov.az/login linkinə daxil olaraq “ASAN Login” sistemi üzərindən şirkətə məxsus elektron imza ilə giriş etməli və şirkət haqqında tələb edilən ümumi məlumatları qeyd etməlidir. Müraciət edən şirkətin hər hansı layihə təşəbbüsü olduğu təqdirdə layihə haqqında da lazımi məlumatlar qeyd edilməlidir.
“Tərəfdaşlıq müraciəti” bölməsi şirkətlərin daha rahat, vaxt və resurslara qənaət edərək onlayn rejimdə müraciətini təmin edəcək. Həmçinin mərkəz də bu istiqamətdə müraciətləri daha təkmil şəkildə qəbul və operativ təhlil edə biləcək.