2030-cu ilədək günəş enerjisi üzrə 630 giqavatlıq və küləkdə isə 390 giqavatlıq güclər istismara verilməlidir

2021.05.18 17:28 (UTC+04:00)

2030-cu ilə qədər günəş enerjisi üzrə illik 630 giqavatlıq və küləkdə isə 390 giqavatlıq güclər istismara verilməlidir.

Bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb.

Agentlik bildirib ki, bu rəqəmlər 2020-ci ildə yaradılan rekord günəş və külək enerjisi tutumunun 4 qatına bərabərdir.

Elektrik enerjisinin 90 faizinin bərpaolunan mənbələrdən təmin ediləcəyi və günəş enerjisinin ümumi enerji təminatında ən böyük mənbəyə çevriləcəyi proqnozlaşdırılır. Təmiz enerji mənbələrinin payı artdıqca elektrikləşdirmənin emissiyaların azaldılmasında əsas rol oynayacağı və qlobal avtomobil bazarındakı elektrikli nəqliyyat vasitələrinin bu gün 5 faiz olan payının 2030-cu ildə 60 faizə çatacağı gözlənilir.

Kömür tələbatı 2050-ci ildə hazırkı səviyyəsindən təxminən 90 faiz azalacaq, neft tələbatının 75 faiz və qaza olan tələbatın 55 faiz azalacağı proqnozlaşdırılır. Bu dövrdə davamlı ənənəvi enerji mənbələrindən istifadənin əsasən aşağı emissiyalı texnologiyalarının az olduğu və karbontutma texnologiyaları olan sektorlarda davam edəcəyi nəzərdə tutulur.

2030-cu ilədək sıfır emissiya hədəfinə çatmağın əsas sahələrindən biri olan enerji səmərəliliyində illik 4 faiz yaxşılaşma əldə etmək vacibdir. Bu nisbət son 20 ildə enerji səmərəliliyinin orta illik inkişafının təxminən 3 qatına bərabərdir.
Hazırda prototip mərhələsində olan texnologiyaların 2050-ci ilə qədər tullantıları yarıbayarı azaldacağı proqnozlaşdırılır. Hökumətlər daha çox qabaqcıl batareya texnologiyaları, hidrogen üçün elektrolizatorları və qabaqcıl təmiz enerji texnologiyaları dəstəkləməlidir.
Dünyada elektrik enerjisi əldə edə bilməyən təxminən 785 milyon insan və təmiz yemək bişirmə həllinə çata bilməyən 2,6 milyard insana enerji əlçatanlığını təmin etmək sıfır emissiya hədəflərinə çatmaqda böyük əhəmiyyət daşıyır.

Gündəlik ehtiyaclarını ödəməkdə çətinlik çəkən bu insanların elektrik enerjisinə çıxışını təmin etmək üçün enerji sektoruna qoyulan illik investisiyaların 1 faizinə bərabər olan təxminən 40 milyard dollar məhz bu sahəyə xərclənməlidir.