Ləki-Qəbələ birxətli dəmir yolunun açılışı regional turizm üçün önəmli hadisədir

2021.05.18 13:25 (UTC+04:00)

Dövlət Turizm Agentliyinin Regional Turizmin İnkişafı Sektorunun müdiri Elgün Cavadov bildirib ki, Qəbələ həm daxili, həm də gəlmə turizm baxımından Azərbaycanın əsas mərkəzlərindən biri hesab olunur. “İlin bütün mövsümlərində Qəbələyə turistlər gəlir. Çünki burada həm qış, həm də yay turizmi üçün yetərli imkanlar var".

Qeyd edək ki, Bakı-Qəbələ qatarı pandemiya ilə əlaqədar hələlik sərnişinlərin istifadəsinə verilməyib. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nətavan Bayramova qatarın istifadəyə tam hazır olduğunu, Bakı-Qəbələ qatarlarında sərnişin biletlərinin qiymətləri barədə isə yaxın vaxtlarda məlumat veriləcəyini bildirib. "Biletlərin qiymətləri hələ dəqiqləşdirilməyib. Pandemiya bitəndən sonra bu barədə həm rəsmi saytımızda, həm də sosial şəbəkələrdə ictimaiyyətə məlumat verəcəyik".

Xatırladaq ki, Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun tikinti işlərinə 2018-ci ildə başlanılıb. Dəmir yolu xəttinin uzunluğu ox üzrə 42,3 km, yan yollarla birlikdə isə 44,5 km təşkil edir.

Bakıdan Qəbələyədək 311 kilometr məsafədə qatarın yolda olma müddəti 3 saat 20 dəqiqədir. Dəmir yolu xəttində İsveçrənin “Stadler Rail Group” şirkətinin istesalı olan dördvaqonlu ikimərtəbəli sürət qatarından istifadə olunacaq.

Vaqonlardakı yerlərin ümumi sayı 363-dür: bunlardan 293-ü standart, 61-i biznes, 9-u isə birinci klass yerlərdir.

Fərqanə ALLAHVERDİQIZI