Millət vəkili Vüqar Bayramov bildirib ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsal olunub: “Azalma daha çox iqtisadiyyatın neft-qaz sektoru ilə bağlı olub. Bu sektorda əlavə dəyər 8,4 faiz azalıb. Qeyri neft-qaz sektorunda isə 4,1 faiz artım qeydə alınıb. Qeyri-neft sektorundakı artım neft sənayesindəki azalmanı xeyli dərəcədə balanslaşdıra bilib.
Qeyri-neft sektorunda iqtisadi aktivliyin yüksəlməsi həm də bu ilin yanvar ayından sonra sərt karantin tədbirlərinin tətbiq edilməməsi ilə bağlıdır. Bu baxımdan, epidemioloji vəziyyətə uyğun olaraq növbəti mərhələlərdə də real sektorda məhdudiyyətlərin sayının azaldılması məqsədəuyğun olardı. Digər tərəfdən, məhdudiyyətlərin minimumlaşdırılması vaksinasiya səviyyəsindən də asılı olacaq. Vaksin ehtiyatlarımızın çox olduğunu nəzərə alsaq bu prosesdə hər birimizin fəal iştirakı vacibdir.
Qeyri-nefti sektorundakı artım tempini nəzərə aldıqda Azərbaycan iqtisadiyyatının bu ilin birinci rübünü artımla başa vuracağı gözlənilir. Məhdudiyyətlərin azaldılması iqtisadi aktivliyə müsbət təsir göstərməklə yanaşı, həmçinin məşğulluğun təmini baxımdan da vacibdir”.