Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) fermerləri əkin bəyanı edərkən diqqətli olmağa və əkin planlarındakı dəyişiklikləri mayın sonunadək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan etməyə çağırır.
Fermerlər tərəfindən sistemə bu günə qədər təxminən 65 faiz bəyan daxil edilib. Bəyan prosesi mayın 31-də başa çatır.
AKİA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruslan Zeynal bildirib ki, Dövlət Aqrar İnkişaf mərkəzləri (DAİM) və AKİA-nın yerlərdə apardığı monitorinqlər zamanı bəzi fermerlərin real əkin ərazilərinin və əkdikləri bitkilərin onların EKTİS-dəki bəyanları ilə üst-üstə düşmədiyi aşkarlanıb: “Bu cür uyğunsuzluqların ortaya çıxması fermerin 1 və ya 2 il müddətinə subsidiyadan məhrum edilməsinə səbəb olur. Ona görə də fermerlər bəyanları düzgün etməlidilər”.
Hazırda paralel olaraq monitorinqlər də aparılır. Subsidiya qaydaları Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilib.
Qaydalara əsasən, bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasındakı fərq 5 faizə qədər olduqda subsidiya monitorinq nəticəsində müəyyən edilmiş sahəyə görə verilir. Fərq 5 faizdən çox, 20 faizdən az olduqda, veriləcək subsidiyanın məbləği 30 faiz azaldılır. Fərq 20–50 faiz olduqda cari il ərzində həmin fermerə subsidiya ödənilmir. 50 faizdən çox fərq olduqda isə həm cari, həm də sonrakı il ərzində fermer subsidiya ala bilmir.
Qurum rəsmisi onu da əlavə edib ki, AKİA yazlıq və çoxillik əkinlərində (bağlar) hər hansı bir dəyişiklik etmiş fermerlərə EKTİS-də şəxsi kabinetlərinə daxil olub əkin bəyanlarında həmin yeniliyi də göstərməyi tövsiyə edir.
Qeyd edək ki, yazlıq və çoxillik əkinlər üçün bəyanlar fevralın 1-dən başlanıb və hazırda davam edir. Xatırladaq ki, fermerlər 31 may tarixinə qədər bütün bəyanları düzgün daxil etməlidilər. Bəyanlarında uyğunsuzluq olmayan fermerlərə iyun ayında subsidiya ödənişləri edilməsi nəzərdə tutulur.