Qırğızıstan parlamentinin deputatı Aynuru Altıbayeva ölkədə alkoqollu içkilərin satışı üzərində nəzarətin artırılmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, Qırğızıstan bazarında alkoqollu məhsulların 70 faizi uçotdankənar satılır: "Ölkədə alkoqol asılılığı olan insanların sayı artıb. 2018-ci ildə satılmış aksiz markalarının sayında 25 faiz artım qeydə alınıb. Bununla belə, satılan alkoqollu içkilərin real həcmini izləmək qeyri-mümkündür, çünki bu məhsulların 70 faizi uçota alınmır. Hər gün Qırğızıstana 100 tona yaxın spirt gətirilir, üstəlik, gizli şərab və araq istehsalı müəssisələri işləyir. Bütün bunlara dərhal son qoyulmalıdır", - xanım A.Altıbayeva parlament komissiyasının iclasında deyib.
Təxirəsalınmaz tədbirlərdən biri olaraq "Yaquar" və "Redbul" kimi zəif alkoqollu içkilərin satışına qadağa qoyulması təklif edilib. Qeyd olunub ki, 2017-ci ildə Qırğızıstana bu cür içkilərdən yarım milyon butulka gətirildiyi halda, 2018-ci ildə həmin göstərici 45 faiz artıb. Bildirilib ki, hökumət uşaqlarda asılılıq yaradan bu içkilərin satışını dərhal qadağan etməlidir. Bundan əlavə, alkoqollu içkilər və tütün məhsulları üçün aksiz vergisinin dərəcəsinin artırılması da təklif olunub. Deputatın dediyinə görə, Avrasiya İqtisadi İttifaqında bu məhsullar üçün ən aşağı aksiz dərəcəsi Qırğızıstanda tətbiq edilir. "Əgər qarşısını almasaq, spirtli içkilərə meylin güclənməsi milli fəlakətə çevrilə bilər", - A.Altıbayeva deyib.