Avropa İttifaqının (Aİ) Ali Məhkəməsi olan Avropa Ədalət Divanının strukturuna daxil olan Ümumi Məhkəmə dünyanın ən böyük internet ticarəti şirkəti olan “Amazon”un Aİ Komissiyasına qarşı qaldırdığı iddia ilə bağlı qərar çıxarıb. Bu qərarla Aİ Komissiyasının irəli sürdüyü iddiaları kifayət qədər əsaslandırmadığı səbəb göstərilərək “Amazon”un cəzalandırılması ilə bağlı qərar ləğv edilib.
Qeyd edək ki, Aİ Komissiyası 2017-ci ildə “Amazon”un Lüksemburqda faydalandığı vergi qaydalarını qanunazidd hesab edərək şirkətin 250 milyon avro həcmində vergi borcunu faizi ilə birlikdə geri ödəməsi barədə qərar vermişdi. Həmin qərara “Amazon” şirkəti və Lüksemburq hökuməti etiraz etmiş və məhkəmə prosesi başlanmışdı.
Ümumi Məhkəmə Aİ Komissiyasının Fransanın “Engie” enerji şirkətinin Lüksemburqdakı fəaliyyəti ilə əlaqədar 120 milyon avro vergi borcu barədə qərarını qüvvədə saxlayıb.