Qazaxıstanda nəqliyyat vergisi üzrə borcun məbləği 70 milyon dolları keçib

2021.05.17 15:15 (UTC+04:00)

Qazaxıstan əhalisinin dövlət büdcəsinə nəqliyyat vergisi üzrə 30,7 milyard tenge (71,7 milyon dollar) borcu yaranıb. Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsindən bildirilib ki, borcun əsas hissəsi 26,8 milyard tenge (62,6 milyon dollar) təşkil edir, qalan 3,8 milyard tenge (8,9 milyon dollar) isə hesablanmış penya məbləğidir.

Alma-Ata sakinlərinin 6,1 milyard tenge (14,3 milyon dollar), Alma-Ata vilayəti sakinlərinin 4,8 milyard tenge (11,2 milyon dollar), Nur-Sultan şəhəri sakinlərinin isə 3 milyard tenge (7 milyon dollar) nəqliyyat vergisi borcu qalıb. Borcluların sayı isə 1 milyon nəfərdən artıqdır.

Qazaxıstan qanunvericiliyinə əsasən, nəqliyyat vergisi borcunun üstünə hər gün penya hesablanır.

Qeyd edək ki, 2020-ci il avqustun 24-də Qazaxıstanda fiziki şəxslər üçün vergi əfvi elan edilmişdi.