Bank sektoru: inkişaf və perspektivlər

2018.11.30 14:00 (UTC+04:00)

Rəqəmsallaşdırma nədir və əslində nəyə xidmət edir? Mövzunu iqtisadçı ekspert Elman Sadıqov şərh edir.

Rəqəmsallaşma kağız daşıyıcılarındakı məlumatların minimallaşdırılması və onların elektronlaşdırılmasıdır. Rəqəmsallaşdırma daha geniş məfhumdur və nağdsız ödənişləri də özündə ehtiva edir. Yəni rəqəmsallaşdırma bütün sahələrdə tətbiq olunur və maliyyə, kənd təsərrüfatı, iqtisadiyyatın digər sahələri üzrə onun tətbiqi daha da genişlənəcək.

"2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nda qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün dörd inkişaf istiqaməti müəyyən olunmuşdur:

  1. Rəqəmsal ödənişlərin institusional mühitinin daha da yaxşılaşdırılması;
  2. Bank sektorunun yenidən canlandırılması;
  3. Rəqəmsal ekosistemin formalaşdırılması;
  4. Rəqəmsal ödənişlər üzrə təbliğatın və maarifləndirmənin gücləndirilməsi.

Burada xüsusilə 2 və 3-cü istiqamətlər birbaşa banklar və maliyyə institutları ilə bağlıdır. 1-ci istiqamətin tam həyata keçirilməsi istiqamətində maliyyə sektoru ilə yanaşı, real sektor da fəal çalışmalıdır. 4-cü istiqamət isə cəmiyyətin bütün təbəqələrindən - dövlət, maliyyə, real sektor və hətta əhalidən asılıdır.

Xüsusilə ABŞ dolları ilə verilmiş vaxtı keçmiş kreditlər yüksək risk daşıyan amil kimi,

bankların aktiv kreditləşmə aparmalarına mane olur

Qeyd olunan iki problem bir yolla həll oluna bilər. Hökumət banklara uzunmüddətli (3-10 il) aşağı faizlə (məsələn, illik 3 faiz) kredit (bir şərtlə ki, həmin vəsaitlər real sektorun kreditləşməsinə yönələcək və buna nəzarət olunacaq) verir, banklar, tutaq ki, 10.000 ABŞ dollarına qədər 0,78 və 1,05 kursları ilə verilmiş kreditləri müvafiq olaraq 1,10 və 1,35 kursları ilə manata konvertasiya edir. Burada yaranmış zərər vətəndaşla bölünür. Banklar qısa müddətdə üzləşdikləri zərəri əldə etdikləri vəsaitləri dövr etdirməklə orta və uzun müddətlərdə kompensasiya edir. Dövlət isə verdiyi kreditləri həm geri qaytarır, həm də hər hansı zərərə məruz qalmır. İlkin mərhələdə banklara iki milyard manata qədər vəsaitin inyeksiyası və həmin vəsaitlərin banklar vasitəsilə müxtəlif layihələrə yönəldilməsi dövriyyəni artırmaqla yanaşı, həm iş yerlərinin sayını, həm əhalinin gəlirlərini, həm də vergi daxilolmalarını artırar. Burada real sektora daxil olan vəsaitlərin multiplikasiya effektini də yaddan çıxarmayaq. Təqribi hesablamalara görə, real sektorda layihələrə yönəldiləcək 1 milyard manatın (iqtisadi dəyər qazandıracaq layihələrin nəzarət altında kreditləşməsi şəklində) multiplikasiya effekti 2,5-3 milyard civarında olar. Bank sektoruna əlavə vəsait həm də ona görə lazımdır ki, xaricdən daxil olan valyuta ilə vəsait cəlb edilməsi nəticəsində əlavə risk yaranmasına imkan verilməsin.

Bank sektorunun genişlənməsinə digər aspektlərdən də ehtiyac və zərurət vardır. Birincisi, bank sektorunun aktivlərinin ÜDM-ə nisbəti 42 faiz ətrafındadır, kredit portfelinin həcminin ÜDM-ə nisbəti isə 17 faizdir. Normal hədlərə çatmaq üçün bank sektoruna ən azı 20-25 milyard manat vəsait lazımdır. Doğrudur, bu vəsaiti birdəfəyə nə bank sektoru, nə də real sektor həzm edə bilməz və səmərəsi çox aşağı olar. Lakin burada tədrici inyeksiya yüksək səmərə verə bilər. İndiki halda ilkin mərhələdə həm bank sektoru, həm də real sektor iki milyard manata qədər vəsaiti həzm edə bilər. Burada inflyasiya və manatın kursuna yaranacaq təzyiqləri ef­fektiv tədbirlərlə kifayət qədər yumşaltmaq olar. Digər tərəfdənsə, bu vəsaitlər bankların rəqəmsallaşdırma ilə bağlı tələb olunacaq investisiya layihələrinin həyata keçməsində böyük rol oynayar. Çünki səmərəli rəqəmsallaşma həm də böyük investisiyalar tələb edir. Bundan əlavə, artan dövriyyə qoyulan investisiyanı daha səmərəli edəcək.

Banklar rəqəmsallaşma ilə bağlı qarşıya qoyulan vəzifələrin öhdəsindən gələ biləcəklər. Bunun üçün beynəlxalq standartlara uyğun hesabatlılıq, nağdsız ödənişlərlə bağlı sistemlər, ATM və POS-terminal şəbəkəsi və s. infrastuktur, eləcə də lazımi bünövrə var. Mövcud infrastrukturu genişləndirmək üçün yeni texnologiyaların, şəbəkələrin daha da genişləndirilməsi vacibdir. Bu gün banklar üçün plastik kartlarla ATM və POS-terminallarda əməliyyatlar, SWIFT, AZIPS, XÖHKS, sürətli pul köçürmələri sistemləri adi sistemlərə, adi əməliyyatlara çevrilib. Əsas məqsəd bu sistemlərin təsir dairəsinin genişləndirilməsi, əməliyyat həcminin artırılmasıdır ki, bunu da real sektorla qarşılıqlı əməkdaşlıqla həyata keçirmək mümkün olacaqdır.

F. İKRAMQIZI