Ortamüddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirilib

2021.05.08 18:16 (UTC+04:00)

Mayın 8-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0108015881 ISIN-li, 10 milyon manat həcmində, 1816 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən bildirilib ki, hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 80.7148 AZN (14.0208 faiz) və 99.5967 AZN (8.6243 faiz) olan 28 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 98.0600 AZN (9.0141 faiz), orta ölçülmüş qiyməti 98.4376 AZN (8.9176 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 56 milyon 452 min 600 manat, yerləşdirilmiş həcmi isə 15 milyon manat təşkil edilib. İstiqrazlar 2026-cı il aprelin 28-də ödəniləcək. Hərrac iştirakçıları mayın 16-dək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.