İşğaldan azad olunmuş ərazilər beynəlxalq hava marşrutlarının kəsişmə məkanına çevrilir

2021.05.08 10:05 (UTC+04:00)

Millət vəkili Vüqar Bayramov bildirib ki, qiymətləndirmələrə əsasən, işğaldan azad olunmuş ərazilərimizdə üç hava limanının fəaliyyət göstərməsi iqtisadi baxımdan səmərəli olacaq. Füzuli Hava Limanı keçmiş Dağlıq Qarabağa getmək istəyən daxili və xarici turistlər üçün cəlbedici olacaq. Bu hava limanı Zəfər Yoluna inteqrasiya olunduğundan turist səfərlərini asanlaşdıracaq.

Zəngilan Hava Limanı Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Zəngəzur dəhlizinin də Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacağını nəzərə alsaq, həm sərnişin, həm də beynəlxalq yükdaşımalar baxımından Zəngilanda hava limanına ehtiyac var idi. Zəngilan ilə Füzuli Hava Limanının iqtisadi göstəriciləri, demək olar, eynidir. Hava limanları uzunluğu 3 km, eni 60 metr olan uçuş enmə zolağı, 60 min kvadratmetrlik 8 hava gəmisinin dayanması üçün sahə, sərnişlərə xidmət göstərəcək terminal, hava gəmilərinin idarə edilməsi üçün qüllə, transformator yarımstansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq. Hava limanlarının hər biri ayrı-ayrılıqda 1 saatda 200 sərnişinə xidmət edə biləcək.

Laçın Kəlbəcər və Şuşa şəhərlərinə çıxış imkanları baxımdan vacibdir. Laçının strateji əhəmiyyətini nəzərə aldıqda həmin rayonumuzda beynəlxalq standartlara uyğun infrastrukturun formalaşdırılması çox vacibdir.

İnşa edilən hava limanlarımız bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək”.