Tacikistanda vahid torpaq vergisi ləğv olunub

2021.05.11 15:25 (UTC+04:00)

Tacikistan parlamentinin aşağı palatası 2021-ci ilin sonuna qədər ölkədə vahid torpaq vergisinin ləğv edilməsi barədə qanun layihəsini təsdiqləyib.

Dəyişikliyi əhatə edən “Dövlət büdcəsi haqqında” qanun layihəsini respublikanın maliyyə naziri Fayzuddin Qəhharzadə təqdim edib. Onun sözlərinə görə, bu verginin məbləği 140 milyon somoni (12,3 milyon dollar) təşkil etməli idi.

Maliyyə naziri qeyd edib ki, Tacikistan hökuməti büdcənin vahid torpaq vergisindən əldə etməli olduğu məbləği gömrük rüsumları hesabına kompensasiya edəcək.

Bundan əlavə, 198 milyon somoni (17,4 milyon dollar) dəyərində tibbi texnika və dərmanlar da vergi və rüsumlardan azad edilib.

Parlamentin təsdiqlədiyi “Dövlət büdcəsi haqqında” qanun layihəsində ölkənin xaricdəki nümayəndəliklərinə ayrılan maliyyənin artırılması da nəzərdə tutulub.